.80. 
Əbəsə (Qaşqabağını tökdü) surəsi
(Məkkədə nazil olmuşdur, 42 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
 
Geri qayitƏbəsə (Qaşqabağını tökdü) surəsi
(Məkkədə nazil olmuşdur, 42 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
- (Peyğəmbər) qaşqabağını töküb üzünü çevirdi.
 - Yanına korun (Abdullah ibn Ümmi-Məktumun) gəlməsindən dolayı.
 - Nə bilirsən, bəlkə də, o (səndən islama dair soruşub öyrənəcəkləri ilə) təmizlənəcəkdir!
 - Yaxud öyüd dinləyəcək və bu öyüd ona fayda verəcəkdir!
 - (Var dövlətinə güvənib sənin öyüd-nəsihətinə qulaq asmağa) ehtiyac hiss etməyənə (dövlətliyə) gəldikdə,
 - Sən üzünü ona tərəf çevirirsən (onun sözünə qulaq asırsan).
 - Onun (küfrdən) təmizlənməsindən sənə nə?!
 - Yüyürə-yüyürə sənin yanına gələn
 - Və (Allahdan) qorxan kimsəyə gəldikdə isə,
 - Sən ondan üz çevirirsən!
 - Xeyr! (Belə yaramaz, bir daha belə etmə). Həqiqətən, bu (ayələr) bir öyüd-nəsihətdir.
 - Kim istəsə, ondan öyüd alar.
 - (Bu Quran Allah dərgahında) çox möhtərəm (mötəbər) səhifələrdə -
 - (Qədir-qiyməti) yüksək (şanı uca), tərtəmiz səhifələrdədir (Şeytan onlara toxuna bilməz).
 - (O, Allahla peyğəmbərlər arasında olan) elçi mələklərin əlləri ilə (lövhi-məhfuzdan köçürülür, yaxud o, elçi mələklərə etibar edilmişdir).
 - (O mələklər ki, Allahın yanında) çox möhtərəm, (Allaha) çox mütidirlər.
 - Ölsün (kafir) insan! O nə nankordur!
 - (Bu təkəbbür onda hardandır? Allah) onu hansı şeydən yaratdı?
 - (Allah onu bir qətrə dəyərsiz) nütfədən yaratdı, ona biçim verdi.
 - Sonra onun üçün (ana bətnindən çıxış) yolunu asanlaşdırdı.
 - Sonra onu öldürüb qəbirə qoydu.
 - Sonra da istədiyi vaxt onu dirildəcəkdir.
 - Xeyr, (insan Allahın) ona buyurduğunu hələ yerinə yetirməmişdir.
 - İnsan hələ bir yeməyinə baxsın! (Görsün ki, ona necə ruzi verdik).
 - Həqiqətən, Biz yağışı bol yağdırdıq.
 - Sonra yeri gözəl yaratdıq (yaxşı yardıq),
 - Belə ki, orada dən (dənli bitkilər) göyərtdik;
 - Üzüm və yonca;
 - Zeytun və xurma (bağları);
 - (Ağacları bir-birinə) sarmaşan bağçalar;
 - (Növbənöv) meyvələr və ot (ələf) yetişdirdik.
 - (Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür!
 - Nəhayət, qulaqları kar edən (o dəhşətli səs) gələndə (İsrafil surunu çalanda);
 - O gün insan qaçacaq öz qardaşından;
 - Anasından, atasından;
 - Zövcəsindən və oğullarından!
 - O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Hər kəs öz hayında olacaq, heç kəs heç kəsin halından xəbər tutmayacaqdır).
 - O gün bir çox üzlər parlayacaq,
 - Güləcək, sevinəcəkdir.
 - O gün bir çox üzlərə isə toz-torpaq qonacaq,
 - Onları zülmət (yaxud his) bürüyəcəkdir.
 - Onlar (pis əməllərə uyan) kafirlər, pozğunlardır!
 
